Azərbaycan U-21 millisi Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda "Alanyaspor”dan güclü oldu - 3:1. Matçdan sonra yığmanın futbolçusu İlkin Muradov "FutbolPress”in suallarını cavablandırdı...
- Oyun haqda fikirlərin?
- Ağır oldu, amma istədiyimiz kimi keçdi. Çalışdıq ki, Rəşad müəllimin dediklərini tam yerinə yetirək.
- Rəqibi necə dəyərləndirərdin. Gücünüzü sınamaq üçün uyğun idimi?
- Yaxşı komanda idi. Fiziki cəhətdən güclü idilər. Qalib gəlmək asan olmadı.
- Klub və milli komanda arasında özünü hiss eləmək baxımından hansı fərqlər var?
- Bu, milli komandadı, o isə klub. Yığma Azərbaycanın şərəfidi. Bu formanı geyinmək hər insana qismət olmur. Sevinirəm ki, milliyə çağırılıram.
- Komanda yoldaşın Elnur Cəfərov yorğunluğun olduğunu dedi. Sən necə hiss edirsən?
- Bir az çətinliklərimiz var. Bu da məşqlərin əsasən fiziki hazırlıq üzərində qurulması ilə bağlıdı. Get-gedə düzələcək.
- Hər hissədə ayrı heyət oynadı. Sən fasilədən sonra meydana çıxdın. İki hissə arasında fərq nə oldu, səncə?
- Fərq o idi ki, birinci hissədə uşaqlar vuruşdular. Fasilədən sonra isə biz daha çox topla oynamağa çalışdıq.